Cordan Henderson “Ayaks”ı tərk etdi

Futbol üzrə İngiltərə millisinin və “Liverpul”un sabiq yarımmüdafiəçisi Cordan Henderson Niderlandın “Ayaks” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Amsterdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Təcrübəli yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Ayaks” futbolçuya xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

35 yaşlı oyunçu 2024-cü ildən etibarən “Ayaks”ın formasını geyinirdi. O, bu müddət ərzində Amsterdam komandasının heyətində 57 oyuna çıxıb, 1 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Cordan Henderson 2023-cü ilin iyun ayında 12 illik “Liverpul” karyerasını sonlandıraraq 14 milyon avro müqabilində Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçmək qərarını vermişdi. İngilis futbolçunun bu klubla 2026-cı ilin yayına qədər qüvvədə olan müqaviləsi var idi. Lakin Henderson “Əl-İttifaq”da cəmi 19 oyuna çıxıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024-cü ilin yayında məhz bu klubdan ayrılaraq “Ayaks”a qoşulmuşdu.

Henderson 2011-ci ildən 2023-cü ilə qədər “Liverpul”da çıxış edib. İngilis yarımmüdafiəçi buna qədər “Sanderlend”də oynayıb, qısa müddət “Koventri”də icarədə olub. Hendersonun futbolçu karyerasının əsas hissəsi məhz “Liverpul”un adı ilə bağlıdır. Bu müddət ərzində Henderson “Liverpul”la 8 kubok qazanıb və maraqlıdır ki, bu qənimətlərdən 7-ni məhz komandanın kapitanı olaraq əldə edib. Bunlara İngiltərə Premyer Liqası (2019/2020), İngiltərə Kuboku (2021/2022), İngiltərə Futbol Liqası Kuboku (2011/2012, 2021/2022), İngiltərə Super Kuboku (2022), UEFA Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019), FIFA Klub Dünya Kuboku (2019) daxildir.

Yarımmüdafiəçi İngiltərə Kubokunun (2011/2012), İngiltərə Futbol Liqası Kubokunun (2015/2016), Çempionlar Liqasının (2017/2018, 2021/2022), Avropa Liqasının (2015/2016) finalçısı olub.

Cordan Henderson “qırmızılar”ın heyətində ümumilikdə 492 oyuna çıxıb, 33 qol vurub, 61 məhsuldar ötürmə verib.

İngiltərə yığması ilə Henderson Avropa çempionatının (2020) gümüş, UEFA Millətlər Liqasının (2018/2019) bürünc mükafatçısı olub. Henderson İngiltərə yığmasının heyətində 2010-cu ildə Fabio Kapellonun rəhbərliyi altında dübüt edib və bu müddətdə 83 oyuna çıxıb, 3 qol vurub, 11 məhsuldar ötürmə verib.

Cordan Henderson 2021-ci ildə “Britaniya İmperiyası” ordeni ilə təltif edilib.

“Transfermarkt” internet-portalı 35 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: