Futbol üzrə İngiltərə milli komandasının və “Brentford”un dayaq yarımmüdafiəçisi Cordan Henderson Premyer Liqa klubundan ayrılıb.
Arena.az bu barədə klubun rəsmi açıqlamasına istinadən xəbər verir.
Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Cordan bu klubdan azad agent kimi ayrılıb. “Brentford” Hendersona klubdakı xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Henderson 2025-ci ilin iyulunda “Ayaks”dan azad agent kimi “Brentford”a qoşulmuşdu. O, 2025/26 mövsümündə London təmsilçisinin heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
İngiltərə mətbuatının məlumatına görə, 36 yaşlı futbolçunun karyerasını “Çelsi”də davam etdirməsi ehtimal olunur.
Henderson karyerasının böyük hissəsini “Liverpul”da keçirərək İngiltərə çempionluğu, UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Super Kuboku, İngiltərə Kuboku, İngiltərə Super Kuboku və iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb.
İngiltərə millisinin heyətində isə 90 oyuna çıxmış Cordan Henderson 3 qol vurub və 11 məhsuldar ötürmə müəllifi olub.


