Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 2-ci turu çərçivəsində baş tutan “Göztəpə” ilə oyunun iştirakçısı olub.
“Ümraniyəspor”un meydanında baş tutan qarşılaşmanın yekununda qalib müəyyənləşməyib. Tərəflər meydanı qolsuz və 1 xalla tərk ediblər – 0:0.
Coşqun Diniyev bu oyuna start heyətində başlayıb və 90+1-ci dəqiqədə əvəzlənib.
Bu yay Türkiyəyə üz tutan digər azərbaycanlı futbolçu – Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” da növbəti matçını keçirib. Sözügedən komanda səfərdə “Altay”la qarşılaşıb və yenə məğlubiyyətə üzülüb – 0:1. Həsənalızadə bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Xatırladaq ki, Coşqun ötən mövsümü “Zirə”də, Bəxtiyar isə “Sabah”da keçirib. Maraqlıdır ki, onların hər ikisi bu yay Azərbaycanda klubunu dəyişdikdən sonra Türkiyəyə üz tutublar. Belə ki, Diniyev “Səbail”lə müqavilə bağladıqdan 2 gün sonra “dənizçilər”dən onu Türkiyə klubuna buraxmağı istəmişdi. Bəxtiyar da “Kəpəz”lə müqavilə bağlamışdı və təxminən 10 günə yaxın Gəncə təmsilçisində hazırlıq keçmişdi.


