Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 2-ci turu çərçivəsində “Keçiörengücü” ilə qarşılaşıb.
Səfərdə baş tutan və üç qolun qeydə alındığı qarşılaşma Coşqunun komandasının 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
Görüşün ilk hissəsi bərabərliklə bitib – 1:1. Start heyətdə meydana çıxmış Coşqun görüşün 55-ci dəqiqəsində əvəzlənib. Azərbaycanlı futbolçunun komandası qələbə qolunu 90+6-cı dəqiqədə vurub.
“Bandırmaspor” 2 turdan sonra 6 xalla liderdir.
Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində hələlik 2 oyun keçirib və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Azərbaycan millisinin digər üzvü Renat Dadaşovun komandası – “Ankaragücü” də bu gün növbəti matçını keçirib. Ankara təmsilçisi səfərdə “Ərzurumspor”la qarşılaşıb və 0:1 hesabıyla uduzub.
Renat bu görüşün 46-cı dəqiqəsində meydana buraxılıb. Amma o, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Yeri gəlmişkən, bu oyunda “Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən azərbaycanlı yeniyetmə – 17 yaşlı Həsən Nəzərov da Ankara təmsilçisinin əsas komandasında ilk rəsmi matçına çıxıb. O, 84-cü dəqiqədə Abdurrahim Dursunun əvəzində meydana buraxılıb.
Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 2 oyuna çıxıb və 1 qol vurub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.
“Ankaragücü” 2 turdan sonra 3 xalla 6-cı sırada qərarlaşıb.


