Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” klubunda debüt edib.
Arena.az xəbər verir ki, futbolçumuzun yeni komandası bu gün TFF 1-ci Liqanın 2023/2024 mövsümündə ilk matçını keçirib.
Sözügedən kollektiv səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç “Ümraniyəspor”un məğlubiyyəti ilə başa çatıb – 1:2.
Coşqun Diniyev bu oyuna start heyətində başlayıb və 80-ci dəqiqədə əvəzlənib.
Bu yay Türkiyəyə üz tutan digər azərbaycanlı futbolçu – Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” da ilk matçını keçirib. Sözügedən komanda doğma meydanda “Çorum”la qarşılaşıb. “Tuzlaspor” startda ağır məğlubiyyətə üzülüb – 0:3. Həsənalızadə bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Xatırladaq ki, Coşqun ötən mövsümü “Zirə”də, Bəxtiyar isə “Sabah”da keçirib. Maraqlıdır ki, onların hər ikisi bu yay Azərbaycanda klubunu dəyişdikdən sonra Türkiyəyə üz tutublar. Belə ki, Diniyev “Səbail”lə müqavilə bağladıqdan 2 gün sonra “dənizçilər”dən onu Türkiyə klubuna buraxmağı istəmişdi. Bəxtiyar da “Kəpəz”lə müqavilə bağlamışdı və təxminən 10 günə yaxın Gəncə təmsilçisində hazırlıq keçmişdi.


