Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 4-cü turu çərçivəsində baş tutan “Bodrumspor”la oyunun iştirakçısı olub.
“Ümraniyəspor” səfər qarşılaşmasından ağır məğlubiyyətlə ayrılıb – 0:4.
Coşqun bu oyuna start heyətində başlayıb və sonadək oynayıb. O, 61-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 4 oyuna çıxıb.
Yeri gəlmişkən, bu yay Türkiyəyə üz tutan digər azərbaycanlı futbolçu – Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” da növbəti matçını keçirib. Sözügedən komanda səfərdə “Manisa” ilə qarşılaşıb və yenə məğlubiyyətə üzülüb – 0:4. Həsənalızadə bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
4 turdan sonra “Ümraniyəspor” 2 xalla 17-ci, xala həsrət olan “Tuzlaspor” isə sonuncu – 18-ci pillədə qərarlaşıb.


