Futbol üzrə Niderland milli komandasının hücumçusu Coşua Zirkze bundan sonra “Mançester Yunayted”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
İtaliyanın “Bolonya” klubundan transfer olunmuş 23 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Qırmızı şeytanlar” bu transfer üçün 42,5 milyon avrosundan keçib.
Xatırladaq ki, Coşua Zirkze Almaniyanın “Bayern” klubunun yetirməsidir. O, Münhen klubunun əsas komandasında cəmi 17 oyuna çıxıb və 4 qol vurub. Zirkze 2021-ci ildə İtaliyanın “Parma” klubunda icarədə oynayıb. Nierlandlı forvard 2021/2022 mövsümünü Belçikanın “Anderlext” klubunda icarədə keçirib.
“Bolonya” Zirkzeni 2022-ci ilin avqust ayında “Bayern”dən 27,5 milyon avro qarşılığında heyətinə qatmışdı. Niderlandlı futbolçu İtaliya klubunun heyətində 58 oyuna çıxıb, 14 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Zirkze bu il əsas millidə də debüt edib. O, Almaniyada təşkil olunmuş Avropa çempionatında (AÇ-2024) 2 oyuna çıxsa da, fərqlənə bilməyib.


