İngiltərə yığmasının və Madrid “Real”ının 21 yaşlı hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem çiynindən cərrahi əməliyyat edilib.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Xatırladaq ki, Bellingem 2023-cü ildə aldığı çiyin zədəsindən bir müddət müalicə alsa da, ağrıları hələ də təzahür edirdi və futbolçu narahatlıqla oynamalı olurdu. Yay fasiləsindən istifadə edən klub yarımmüdafiəçinin məhz indi əməliyyat edilməsinə qərar verib ki, o, yeni mövsümdə daha rahat oynaya bilsin.
Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib. Hücumameylli yarımmüdafiəçi İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə Bellingem “Real” üçün bütün yarışlarda 58 oyun keçirib, 15 qol vurub, 15 məhsuldar ötürmə verib.
İngilis yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 100 oyun, 38 qol və 28 məhsuldar ötürmədən ibarətdir.
Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 44 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” 22 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


