İngiltərə yığmasının sabiq mərkəz müdafiəçisi Rio Ferdinand “Real”ın yarımmüdafiəçisi Cud Bellingem haqqında fikirlərini paylaşıb.
Arena.az “Daily Mail”ə istinadən Ferdinandın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Cudu Cerrard, Lempard, Skoulz ilə müqayisə edəcəklər. İndi deyərdim ki, bu oyunçuların heç biri Bellingemin öz yaşında etdiyinə bərabər bir şey etməyib və bu, ciddi ölçüdür.
Cud belə davam edə bilsə, “Qızıl top” qazana bilər. Karyerasını bir, iki, bəlkə də üç “Qızıl top” olmadan başa vursa, çox təəccüblənərəm, çünki o, çox yaxşı futbolçudur. Onun qədər bacarıqlı və ya bir az daha bacarıqlı futbolçular olub. Amma məncə, onlarda ən vacib şey – Bellingemdə olan mentallıq yox idi.
“Real”a keçmək və ilk dörd-beş oyunda ən yaxşı oyunçu olmaq fenomenaldır, eşidilməmiş bir şeydir”, deyə Ferdinand ağızdolusu Bellingemdən danışıb.
Xatırladaq ki, Cud Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib və üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Yenicə başlamış cari mövsümdə Bellingem “Real”ın heyətində 4 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə verib.
Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 26 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 120 milyon avro məbləğində qiymətləndirir.


