Cud Bellingem Kristiano Ronaldonun “Real”dakı rekordunu qırdı

“Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem La Liqanın 9-cu turu çərçivəsində “Osasuna” ilə oyunda (4:0) dübla imza atıb.

Arena.az məlumat verir ki, bu qollar sayəsində Bellingem cari mövsümdə “Real”ın heyətində keçirdiyi ilk 10 oyununda vurduğu qolların sayını 10-a çatdırıb.

Həmçinin ingilis mərkəz müdafiəçisinin cari mövsümdə “qaymaqlılar”ın heyətində 3 məhsuldar ötürməsi var. Beləliklə qol və məhsuldar ötürmə sistemi üzrə 10+3 göstəricisi ilə Bellingem “Real”ın əfsanəvi hücumçusu Kristiano Ronaldonun rekordunu yeniləmiş olub. Vaxtilə portuqal superulduz 10+1 göstəricisinə nail olmuşdu.

Xatırladaq ki, Cud Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib və üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 26 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 120 milyon avro məbləğində qiymətləndirir.