İspaniya La Liqasının “Rayo Velyekano” ilə 17-ci tur səfər oyunu “Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem üçün düşərli olub.
Arena.az xatırladır ki, Bellingem 3:3 hesabı ilə başa çatmış oyunda “qaymaqlılar”a, vurduğu qolla töhfəsini verib.
“Mister Chip” dərgisinin təqdim etdiyi məlumata görə, La Liqanın ardıcıl 6 oyununda qol vurmuş Bellingem, “qaymaqlılar”ın argentinalı keçmiş yarımmüdafiəçisi Roke Olsendən sonra, hücumçu mövqeyində olmadan müvafiq ardıcıl qol silsiləsinə nail olmuş ilk futbolçudur.
La Liqanın 17-ci turunda “Rayo Valyekano”ya vurulmuş qolu nəzərə alınmaqla, Bellingem “Jirona”, Bilbao “Atletik”i, “Xetafe”, “Leqanes” və “Osasuna”nın qopılarına da yol tapıb.
Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib.
“Kral klubu” ingilis yarımmüdafiəçinin transferi müqabilində 103 milyon avro məbləğində xərc çəkib.
Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. 2023/2024-cü illər mövsümündə Bellingem “Real”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.
Cari mövsümdə isə Bellingem “Real” üçün 20 oyun keçirib, 7 qol vurub, 6 məhsuldar ötürmə verib.
Hücumameyilli yarımmüdafiəçinin “Real”ın heyətindəki ümumi göstəriciləri belədir: 62 oyun, 30 qol və 19 məhsuldar ötürmə.
Bellingem elə, ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024) və UEFA Super Kubokunun (2024) qalibi olub.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 40 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 21 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


