Cud Bellingem Olli Uotkins haqda ağız dolusu danışdı

İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellingem millidəki komanda yoldaşı, “üç şir”in hücumçusu Olli Uotkins haqda təriflə danışıb.

Arena.az xatırladır ki, Uotkins Almaniyada təşkil olunmuş Avropa çempionatının (AÇ-2024) yarımfinalında Niderland yığması ilə oyunda (2:1) qələbə qolunu vurmaqla qəhrəmana çevrilib.

Bellingemin bu barədə fikirlərini təqdim edirik:

“Olli çıxdı və qalib gəldi. Biz ona çox minnətdarıq, çünki daha yarım saatın kifayət edib-etməyəcəyini bilmirəm. Mən onun üçün çox şadam. O, çıxdı və öz fürsətindən istifadə etdi. Onunla daha artıq fəxr etmək sadəcə mümkün deyil. Bütün komanda onun arxasındadır. O, qəhrəmandır, bizi də xilas etdi”, deyə Cud Bellingem vurğulayıb.

Qeyd edək ki, Olli Uotkins 2021-ci ilin mart ayında debüt etdiyi İngiltərə milli komandasında cəmi 14 oyuna çıxıb. 28 yaşlı mərkəz hücumçusu bu görüşlərdə cəmi 4 qol vurub.

Olli Uotkins 2020-ci ildən “Aston Villa”nın şərəfini qoruyur. Sözügedən klub ingilis futbolçunu həmin vaxt “Brentford”dan 34 milyon avro müqabilində heyətinə qatmışdı. Hücumçu bu klubun heyətində 169 oyun keçirib, 70 qola imza atıb, 26 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Brentford”la yanaşı, “Eksete Siti” klubunun da formasını geyinib.

“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, AÇ-2024-ün finalına yüksəlmiş İngiltərə yığması iyulun 14-də Berlinin “Olimpiaştadion”unda İspaniya yığması ilə qarşılaşacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: