Cud Bellingem Ronaldo və Di Stefanonu geridə qoydu

“Real”ın ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingem “Kral klubu”nun heyətində ilk 15 oyunda 14 qol vurmuş ilk futbolçu olub.

Arena.az məlumat verir ki, İspaniya La Liqasının 14-cü turu çərçivəsində “Kadis”ə qarşı oyunda (3:0) qol müəllifi olmuş Bellingem “Real”ın əfsanələri – portuqal hücumçu Kristiano Ronaldonun və argentinalı hücumçu Alfredo Di Stefanonun rekordlarını qırıb.

Ronaldo və Di Stefanonun hesabında “Real”ın heyətində ilk 15 oyunda 13 qol var.

Bellingem “Real”a cari ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.

Bellingem İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Cari mövsümdə Bellingem Madrid təmsilçisinin heyətində 15 oyuna çıxıb, 14 qol vurub, 3 məhsuldar ötürmə verib.

Gənc yaşına rəğmən, Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. Cud yığma komandanın heyətində 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: