“Real”ın 21 yaşlı ingiltərəli hücumameylli yarımmüdafiəçisi Cud Bellingem tezliklə cərrahi əməliyyat ediləcəyini bildirib.
Arena.az bu barədə ESPN şəbəkəsinə istinadən məlumat verir.
Xatırladaq ki, Bellingem 2023-cü ildə aldığı çiyin zədəsindən bir müddət müalicə alsa da, ağrıları hələ də təzahür edir və futbolçu narahatlıqla oynamalı olur:
“İndi hər şey qaydasındadır, ağrım elə də güclü deyil. Mənə, yarışın (2025-ci il FIFA Klub Dünya Kuboku – redaktorun qeydi) başa çatamsından bir neçə gün sonraya cərrahi əməliyyat təyin edilib. Mən də buna şadam. Müvafiq qərar çoxdan yetişib. Mən korset gəzdirməyi daha bacarmırdım. İndi mən, cərrahi əməliyyata girməyə hazıram”, deyə Bellingem vurğulayıb.
Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib. Hücumameylli yarımmüdafiəçi İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə Bellingem “Real” üçün bütün yarışlarda 54 oyun keçirib, 15 qol vurub, 14 məhsuldar ötürmə verib.
İngilis yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 96 oyun, 38 qol və 27 məhsuldar ötürmədən ibarətdir.
Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 44 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” 21 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


