“Real”ın ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingemin transfer qiyməti artaraq ən yüksək həddinə çatıb.
Arena.az bu barədə nüfuzlu “Transfermarkt” internet-portalının yenilənmiş məlumatları əsasında xəbər verir.
İndi 20 yaşlı mərkəz yarımmüdafiəçisi Cud Bellingemin transfer qiyməti “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Halandın və PSJ-nin fransalı mərkəz hücumçusu Kilian Mbappenin transfer qiyməti qədərdir – 180 milyon avro.
Cud Bellingemin əvvəlki tranfer qiyməti 150 milyon avro məbləğində idi. Göründüyü kimi istedadlı yarımmüdafiəçinin qiyməti 30 milyon avro artıb.
Bellingem “Real”a cari ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.
Bellingem İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Cari mövsümdə Bellingem Madrid təmsilçisinin heyətində 21 oyuna çıxıb, 17 qol vurub, 5 məhsuldar ötürmə verib.
Gənc yaşına rəğmən, Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. Cud yığma komandanın heyətində 2 qol vurub, 5 məhsuldar ötürmə verib.


