Cüneyt Çakır – Avropa çempionatlarının yeni rekordçusu!

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Xorvatiya – İspaniya matçı türkiyəli hakim Cüneyt Çakır üçün əlamətdar olub. Arena.az xəbər verir ki, 44 yaşlı FİFA referisi Avropa çempionatları tarixində ən çox oyun idarə edən hakimə çevrilib. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Sözügedən qarşılaşma Çakırın karyerasında Avropa çempionatlarında idarə etdiyi 9-cu matç olub. O, daha öncə AÇ-2012-də və AÇ-2016-da da üç oyun idarə etmişdi. Hazırda davam edən qitə birinciliyində də üç oyuna təyinat alan türkiyəli referi, artıq bu baxımdan rekordçudur. Lakin istisna deyil ki, Çakır növbəti mərhələlərdə də hansısa oyuna təyinat alsın.

Cüneyt Çakır AÇ-2012-də İspaniya və İtaliya yığmaları arasında baş tutan final matçında, həmçinin AÇ-2020-də İngiltərə – Şotlandiya görüşündə dördüncü hakim funksiyasını yerinə yetirib. O, hakimlik karyerası ərzində bütövlükdə 200-ə yaxın oyun idarə edib ki, bunların da 56-sı milli komandaların görüşlərinə təsadüf edib.

Sonda onu da qeyd edək ki, Avropa çempionatlarında indiyə qədər ən çox oyun idarə etmiş hakim Anders Frisk idi. O, bu qitə birinciliyinə qədər AÇ-də ən çox – 8 oyun idarə etmiş hakim hesab olunurdu.

Cüneyt Çakır Avropa çempionatlarında bu oyunlarda baş hakim olub:

AÇ-2020

Macarıstan – Portuqaliya (qrup)
Ukrayna – Avstriya (qrup)
Xorvatiya – İspaniya (1/8)

AÇ-2016

Portuqaliya – İslandiya (qrup)
Belçika – İrlandiya (qrup)
İtaliya – İspaniya (1/8)

AÇ-2012

Ukrayna – İsveç (qrup)
İtaliya – İrlandiya (qrup)
Portuqaliya – İspaniya (yarımfinal)

Xəbəri sosial şəbəkələrdə paylaş: