Dadaşov 90 dəqiqə oynadı, “Ankaragücü” 3-cü yenilgiisini aldı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 5-ci turu çərçivəsində “Fatih Karagümrük”lə qarşılaşıb.

Səfərdə baş tutan qarşılaşma Renatın komandasının 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Renat bu görüşün ilk dəqiqələrindən sonadək meydanda olub. Komandasının ikinci qolunun məhsuldar ötürməsini də Dadaşov verib.

“Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 17 yaşlı Həsən Nəzərov isə bu dəfə sonadək ehtiyatda qalıb.

“Ankaragücü” 5 turdan sonra 6 xalla 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 5 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: