Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan”ın ev oyunlarını keçirdiyi Mərdəkandakı “Dalğa Arena” əsaslı təmirə bağlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Bununla əlaqədar PFL-in Premyer Liqanın təqvimində dəyişikliklər etməsi zərurəti yaranıb.
Əsasnamənin tələblərinə uyğun olaraq, PFL tərəfindən “Araz-Naxçıvan” klubundan alternativ stadion təqdim etməsi tələb olunub və paralel şəkildə ölkə stadionlarının ümumi durumu təhlil edilib. Rəqiblərə eyni şərtlərin təmin olunması məqsədilə klubun ev oyunlarını keçirdiyi Bakı və ətraf ərazilərdə yerləşən stadionlar nəzərdən keçirilib.
Aparılmış qiymətləndirmə nəticəsində “Masazır Arena” və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ən uyğun variantlar kimi müəyyənləşdirilib. Yerli və beynəlxalq oyunların qrafiki nəzərə alınmaqla, Azərbaycan Premyer Liqasının 9-cu turunun “Araz-Naxçıvan” – “Sabah” oyunu “Masazır Arena”da keçiriləcək. 11-ci turun “Araz-Naxçıvan” – “Karvan” və 12-ci turun “Araz-Naxçıvan” – “Turan Tovuz” matçları isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, qarşılaşmaların tarixi və başlama saatlarında dəyişiklik yoxdur.
Xatırladaq ki, “Dalğa Arena”nın noyabrın 30-dək təmirdə olacağı qeyd edilir.


