“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 5-ci turu çərçivəsində “Şəfa”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüş “Sabah”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“UEFA Çempionlar Liqası kimi böyük bir turnirdən, “Old Trafford” kimi nəhəng bir stadiondan sonra gəlib bu oyuna köklənmək asan deyil. Amma futbolçularımın yanaşmasından çox razı qaldım. Heyətdə 6 rotasiya etmişdik, Mançesterdə ilk “11-lik”də başlayan 5 oyunçumuz bu gün də meydanda idi. Oyuna intensiv başladıq, birinci hissədə iki qol vurduq və başqa fürsətlərimiz də oldu. Bununla belə, “Şəfa” da yaxşı oyun planı ilə qarşımıza çıxdı və təqdirəlayiq mübarizə apardı. Birinci hissədə etdiyimiz bəzi səhvləri, “Old Trafford”dakına bənzər şəkildə rəqibə topu saxlamağa imkan verməyimizi və qapımıza ard-arda zərbələr endirilməsini bəyənmədim. İkinci yarıya daha yaxşı başladıq, topa nəzarət etdik, pressinqlə topu tez geri qaytardıq. Artıq bu qələbəni unudub şənbə günü olan matça köklənməliyik”.
Valdas Dambaruaskas Rəhman Daşdəmirovun “Mançester Yunayted”lə oyundan sonra tənqid olunmasına da sərt reaksiya verib:
“Onu tənqid edənləri heç başa düşmürəm. Əvvəllər yerli futbolçuların oynamamasından gileylənirdilər. İndi azərbaycanlı bir oyunçu “Old Trafford”da, Çempionlar Liqasında ölkəsini təmsil edir. Ona hörmətlə yanaşmaq lazımdır. Rəhman ölkənin ən yaxşı 3 futbolçusundan biridir. Ötən mövsüm çempionluq yaşayıb, kubok qazanıb və 33 oyunluq məğlubiyyətsizlik seriyasına imza atan komandanın əsas üzvüdür. Azərbaycanı Çempionlar Liqasında təmsil edən ikinci klubun futbolçusunu bu cür tənqid etməyi qəbul etmirəm. Bu tənqid yox, açıq hörmətsizlikdir”.
Dambrauskas Yunes Laşaabın Çempionlar Liqasının iştirak ərizəsinə salınmamasına da aydınlıq gətirib:
“Çempionlar Liqasında müəyyən kvota var. 25 oyunçudan maksimum 17-si əcnəbi ola bilər, qalanları yerli oyunçulardır. Kənarda qalan legionerlərdən biri də Yunes oldu. Hamını sifariş etmək imkanımız yoxdur. Geniş və böyük potensiala malik heyətimiz var. Uğur üçün çox çalışan, zəhmətkeş oyunçularla işlədiyim üçün şadam. Amma 3 cəbhədə mübarizənin necə alınacağını yalnız zaman göstərəcək”.
“Bu nəticələrlə barışmırıq” – Zaur Həşimov
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov isə komandasının növbəti məğlubiyyətinə belə aydınlıq gətirib:
“Birinci hissədə qol buraxana qədər göstərdiyimiz oyundan ümumən razı idim. Topa daha çox nəzarət edir, hücumlara çıxırdıq. Əlbəttə, rəqibin səviyyəsini də nəzərə almalıyıq. Bu gün çox yaxşı, cəmi 3-4 gün öncə Mançesterdə matç keçirmiş və əla komplektləşmiş komandaya rəqib olduq. Onlara qarşı layiqli mübarizə apardıq. Sadəcə, buraxdığımız qollar bizi məyus edir. Artıq neçənci matçdır ki, kiçik detallardan və öz səhvlərimizdən qapımızda qol görürük. Bununla belə, komandamın oyunundan narazı qalmadım, əksinə, müsbət təəssürat yaratdı. “Şəfa” öz oyunu ilə bu çempionata rəng qata bilər və gələcəkdə daha yaxşı futbol nümayiş etdirəcəyik.
Daha çox qol buraxdığımız matçlar çempionluq uğrunda mübarizə aparan komandalara qarşı olub. Bu nəticələrlə barışmırıq və lazımi tədbirləri görəcəyik. Ən az qol vuranlar sırasında olmağımıza gəlincə, 5 turdakı rəqiblərimizin səviyyəsinə baxmaq lazımdır. Bizə turnir cədvəli baxımından ən çox təsir edən məğlubiyyət 3-cü turda “İmişli”yə qarşı görüş oldu. Bu gün isə əsas hücumçumuz heyətdə yox idi. Fikrimcə, gələcək oyunlarda bu problemlərin öhdəsindən gələcəyik”.


