Dambrauskas: “Hakimin məqsədi və niyyəti nə idi, bilmirəm”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 6-cı turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasında Masazırda baş tutmuş görüşdə qalib müəyyənləşməyib – 1:1.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında oyunun baş hakimi Əliyar Ağayevin işini tənqid edib:

“Bu oyun barəsində nə deyə bilərəm? Bu görüşlə bağlı yalnız bir adam haqda danışa bilərik. Bu gün meydançada bir adamın şousu var idi. Diqqət etmisinizsə, oyundan sonra açıqlamalarımda heç vaxt hakimlər haqda danışmamışam. Peşəkar karyeramda 400-dən çox oyunum var. Balkan ölkələrində, Yunanıstanda işləmişəm. Yunanıstanda kiçik klublar yuxarı pillələrdə yerləşən top komandalarla mübarizə apardığı zaman 3-4 saat hakimlik haqda danışa bilərsiniz. Kiprdə məşqçilik etmişəm, amma bu qədər hörmətsizlik heç yerdə görməmişəm. Bunu şərh və izah etmək çox çətindir. Əgər liqanızın inkişaf etməsini istəyirsinizsə… Bu liqada inventisiya qoyan, əlindən gələn hər şeyi edən rəhbərliklər var, onlar bunları gördükdən sonra deyirlər ki, nəyə görə yatırım edim? Bu gün hakimin məqsədi, niyyəti nə idi, deyə bilmərəm. Bu gün meydanda bir adam var idi və hər şeyi korladı”.

Dambrauskas “Sabah”ın vurduğu və VAR-ın ləğv etdiyi 2-ci qol barədə isə bunları deyib:

“VAR nəyə lazımdır? Ləğv edilmiş 2-ci qolumuzda oyunçumuz topa oynayır. Rəqibin hücumçusu isə futbolçumuza təmas edir. Orada cərimə zərbəsindən söhbət gedə bilməz. Əgər hakimlər belə səhvlər edəcəklərsə, artıq hakimliyi buraxmaq lazımdır. Belə etmək olmaz. Ancaq qarşıdakı həftə yenə işləyəcəklər. Onlar yenə də maaşlarını alacaqlar”.

“Sabah” “Neftçi”dən daha güclü rəqibdir”

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç isə heç-heçəyə belə şərh verib:

“Çox çətin oyun oldu. Bu gün 1 xal qazandıq. Ötən turda isə xallar itirmişdik. Düzdür, ayrı-ayrı oyunlardır. Sadəcə fikrimcə, “Sabah” daha güclü rəqibdir, nəinki “Neftçi”.

“Sabah” kimi rəqiblərlə oyunda mütləq qol şanslarından istifadə etməlisən. Futbolçularımdan razıyam. Sona qədər də çalışdılar.

“İmişli” və “Neftçi” ilə matçda biz daha güclü idik və qələbəyə daha yaxın olduq. Amma “Sabah”la görüşdə onlar bizdən qat-qat güclü idi. Çalışırıq, davam edirik. Hələ görüləsi işlərimiz var. Tam formaya düşməyən futbolçularımız da var”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: