“Leypsiq”in hücumameylli yarımmüdafiəçisi Dani Olmo bundan sonra İspaniya nəhəngi “Barselona”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Barselona” bu transfer üçün Almaniya klubuna 55 milyon avro ödəyib. 26 yaşlı futbolçu yeni klubu ilə 6 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb. “Barsa” yeni transferinə 500 milyon avro qiymət qoyub.

Daniel Olmo futbola “Espanyol”da qədəm qoyub, buradan “Barselona”nın futbol akademiyasına yol tapıb. “Blauqara”nın akademiyasından Olmo Zaqreb “Dinamo”suna keçib. Burada püxtələşmiş ispan futbolçunu “Leypsiq” 2020-ci ilin yanvarında 29 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda öz heyətinə qatıb. İspan yarımmüdafiəçinin alman klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Daniel Olmo “Leypsiq”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə verib. Olmonun “öküzlər”in heyətində çxışının ümumi mənzərəsi isə belədir: 148 oyun, 29 qol, 34 məhsuldar ötürmə.
Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 39 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə verib.
Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.
Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.
İlayş Moriba “Selta”ya gəldi, 4 oyunçu ayrıldı
“Leypsiq” mərkəz yarımmüdafiəçisi İlayş Moribanı da İspaniyanın digər klubu “Selta”ya icarəyə verib. La Liqa təmsilçisi 21 yaşlı futbolçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
İlayş Moriba “Barselona”nın yetirməsidir. “Leypsiq” onu 2021-ci ilin yayında Kataloniya klubundan 16 milyon avroya alıb. Amma Moriba Bundesliqa təmsilçisinin heyətində cəmi 6 oyuna çıxıb. O, əvvəlki mövsümlərdə “Valensiya” və “Xetafe”də də icarədə oynayıb. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Moriba, 2022-ci ildən Qvinye yığmasında çıxış edir. O, millidə 23 oyuna 1 qol vurub.
Moribanı heyətinə qatan “Selta” 4 oyunçusu ilə də yollarını ayırıb. İspaniyadan olan 23 yaşlı sol vinger Xulen Lobete azad agent kimi “Malaqa”ya keçib və 3 illik müqavilə bağlayıb.
23 yaşlı mərkəz yarımmüdafiəçisi Karlos Dotor “Real Ovyedo”ya, 21 yaşlı sağ vinger Migel Rodriqes “Utrext”ə, 26 yaşlı sağ vinger Karles Peres isə “Xetafe”yə icarəyə verilib. İspan futbolçuların hər birinini icarə müqaviləsi bir illikdir. Amma “Utrext” Migeli, “Xetafe” isə Karlesi satınalma şərti ilə icarəyə götürüb.


