Dani Sebalyos da “Real”da qaldı – 4 illik yeni müqavilə

İspaniyanın “Real” (Madrid) klubu daha bir futbolçusu – mərkəz yarımmüdafiəçisi Dani Sebalyos ilə də müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə La Liqa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı futbolçu ilə yeni sözləşmə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ayın sonunda bitirdi.

Xatırladaq ki, Dani Sebalyos “Betis”in yetirməsidir. O, “Real”a 2017-ci ilin iyul ayında 16,5 milyon avro qarşılığında transfer olunub. İspan futbolçu bu müddət ərzində Madrid təmsilçisində 120 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. O, 2019-2021-ci illər aralığında İngiltərənin “Arsenal” klubunda icarədə də olub – 77 oyun, 2 qol, 5 assist. Sebalyosun “Betis” karyerası isə 105 oyun, 7 qol və 9 assistdən ibarətdir. Futbolçu İspaniya milli komandasında da 13 oyun keçirib, 1 qola imza atıb.

“Real” son günlərdə Toni Kroos və Naço Fernandeslə də müqavilənin müddətini artırdığını açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: