Dani Sebalyos “Real”dan ayrıldı

Futbol üzrə İspaniya yığma komandasının keçmiş mərkəz yarımmüdafiəçisi, Daniel Sebalyos “Real” (Madrid) klubu ilə yollarını ayırıb.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir, rəhbərlik 29 yaşlı futbolçunun başa çatmış müqaviləsini yeniləməmək qərarına gəlib. Bununla da Sebalyos komandadan ayrılıb və azad agent statusu qazanıb. Bu isə ona istənilən kluba sərbəst keçid etmək imkanı verir.

İspaniyalı yarımmüdafiəçi Madrid təmsilçisinin sıralarına 2017-ci ilin iyulunda “Betis”dən transfer olunmuşdu. O, “Real”ın heyətində bütün turnirlərdə ümumilikdə 215 oyuna çıxıb, 7 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Sebalyos Madrid klubunda çıxış etdiyi müddətdə 14 nüfuzlu titul qazanıb. O, üç dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub. Yarımmüdafiəçi həmçinin iki dəfə İspaniya La Liqasının və İspaniya Super Kubokunun qalibi adını qazanıb. Bundan əlavə, o, bir dəfə İspaniya Kubokunu və Qitələrarası Kuboku başı üzərinə qaldırıb.

Sebalyos 2018-ci ildə debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyuna çıxıb, 1 qol və 2 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: