Gimaraynş “Vitoriya”sının portuqal mərkəz yarımmüdafiəçisi Dani Silva tamhüquqlu əsasda İtaliyanın “Verona” klubuna keçib.
Arena.az bu barədə A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.
Transfer İtaliya klubuna 2 milyon avro məbləğində başa gəlib. “Verona” Silva ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Dani Silva futbola “Monte Kaparika” klubunda qədəm qoyub. Ardınca o, “Benfika”, “Belenenseş”, “Vitoriya” (Setubal) və “Vitoriya” (Gimaraynş) klublarının futbol akademiyasından keçərək, Gimaraynş “Vitoriya”sının heyətində böyük futbolda debüt edib.
Cari mövsümün ilk yarısında Dani “Vitoriya”nın heyətində 22 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
Silva Portuqaliyanın U-18, U-19, U20 və U-21 yığmalarına cəlb edilib.
“Transfermarkt” internet-portalı 23 yaşlı portuqal mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

“Verona” “Nitsa”nın dayaq yarımmüdafiəçisi Reda Belahyanı da heyətinə qatıb. İtaliya klubu bu keçid üçün 500 min avro ödəyib. 19 yaşlı fransız futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmır.
Reda Belahyan peşəkar karyerasına məhz “Nitsa”da başlayıb. O, bu klubun əsas komandasında cəmi 8 oyuna çıxıb, Fransanın U-18 yığmasında isə 5 oyun keçirib.
“Transfermarkt” internet-portalı 19 yaşlı fransız yarımmüdafiəçinin transfer dəyərini 200 min avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Nitsa” sol cinah müdafiəçisi Ayub Amrauini də “Nansi”yə icarəyə verib. Mərakeşdən olan futbolçu bu mövsümün sonunadək icarədə olacaq.
Ayub Amraui də “Nitsa”nın yetirməsidir. 19 yaşlı müdafiəçi Liqa 1 təmsilçisinin əsas komandasında 12 oyun keçirib, hətta 1 qol da vurub. Mərakeşin aşağı yaş qrupları üzrə yığmalarında oynamış Ayub artıq əsas milliyə də dəvət almasına rəğmən, hələ debüt şansı qazanmayıb.


