Zorlamada ittiham edilən braziliyalı sabiq futbolçu Daniel Alves həbsxanadan buraxılmasından sonra müsahibə verməsi xəbərini təkzib edib.
Arena.az məlumat verir ki, daha əvvəl “El Periodico” dərgisi Daniel Avesin həbsxanadan buraxılmasından sonra ilk dəfə müsahibə verməsi haqda məlumat yaymış və guya verildiyi iddia edilən müsahibəni təqdim etmişdi.
“Hansısa mətbuata müsahibə verməyim doğru deyil. Məhkəmə bitənə qədər müsahibə verməyəcəyəm”, deyə Daniel Alves özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.
“El Periodico” nəşrinin uydurma müsahibəsinin mətnini də təqdim edirik:
“Hər cümə günü qeyd edilmək üçün məhkəməyə gəlirəm. Hamısı bundan ibarətdir, mənim daha edəcəyim xüsusi nəsə yoxdur.
Oynamalı olduğum oyun məhkəmə zalında keçirilir, amma bunun nə qədər davam edəcəyi barədə heç bir fikrim yoxdur.
Həbsxana həyatı? Harada olsam da, sağ qalacağam. Mən hər şeyə uyğunlaşıram, axı yer insanı deyil, insan yeri qurur. İndi özümü yaxşı və sakit hiss edirəm”, – mənbə Daniel Alvesin adından bildirmişdi.
Xatırladaq ki, martın 25-də Daniel Alves 1 milyon avro məbləğində girov müqabilində həbsxanadan buraxılıb. 40 yaşlı Dani Alves zorlama maddəsi ilə təqsirli bilinərək 4,5 il müddətinə azadlıqdan məhrum edilib və həmçinin zərərçəkmişə mənəvi təzminat kimi 150 min avro məbləğində ödənişə mükəlləf edilib.
Bununla belə, Alves hazırda hökmdən apellyasiya şikayəti verməkdədir. Veteran futbolçu tələb edilən girovu ödədiyi üçün apellyasiya prosesi zamanı evində qala bilər, amma Daniel bir sıra şərtlərə əməl etməlidir.
Daniel Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılırdı. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülmüşdü. Şikayət ərizəsinə baxılınca Dani Alves məhkəmənin müvafiq şərtləri altında evində azad yaşaya bilər.


