Daniel Alves zorlama ittihamı ilə bağlı iş üzrə bəraət aldı

Futbol üzrə Braziliya millisinin keçmiş sağ cinah müdafiəçisi Daniel Alves zorlama ittihamı ilə bağlı iş üzrə bəraət alıb.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

İspaniya Ali Məhkəməsinin Cinayət Palatası zərərçəkmişin ifadəsindən savayı, ortada Daniel Alvesin təqsirinə dair heç bir əsaslı dəlil-sübutun olmadığını əsas gətirərək, futbolçuya 4,5 il müddətiə həbs cəzası verilməsi haqda birinci hökmü ləğv edib.

Vurğulanır ki, bəzi mənbələr, ad-sanına və nüfuzuna xələl gəlmiş Daniel Alvesin, layiq olmadğı vəziyyətə düşməsi və həmçinin həbsxanada yatması ilə bağlı məhkəmə iddiası qaldıracağını təxmin edirlər. Futbolçunun, başına gətirilmişlərə görə təzminat istəyəcəyi, şərəf və ləyaqətini bərpa etməyə qalxacağı gözlənilir.

Xatırladaq ki, məşhur futbolçu Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittihamla üzləşmiş, məhkəmədə xeyli çəkişdikdən sonra 4,5 il müddətinə həbsə məhkum edilərək, “içəri” atılmışdı.

Əlavə edək ki, Daniel Alves müvafiq hökmdən şikayət ərizəsi vermiş və şikayət ərizəsinə baxıldığı müddətdə məhkəmənin müvafiq şərtləri altında evində azad yaşaya bilmək hüququnu əldə etmişdi. Nəhayət, Dani Alves düşdüyü “zibildən” qurtula bilib.

Bəzi kütləvi informasiya vasitələrində belə bir fikir dolaşır ki, braziliya futbolçu İspaniyada sadəcə olaraq dolandırıcıların dəyirmanına salınaraq “üyüdülüb”. Dani Alves yaxşıca “sağalıb”. Məhkəmə çəkişməsi müddətində Dani Alves braziliyalı ulduz hücumçu Neymardan da borc almış, sonra həmin borcu ödəmişdi.

Daniel Alvesin vəkili, xanım İnes Qvardiola müvafiq münasibətlə şərh verib:

“Biz çox şadıq ki, ədalət nəhayət qələbə çaldı. Biz bunun intizarında idik. “Dani” günahsızdır, bu da sübuta yetirildi. Biz çox həyəcanlıyıq”, – RAC1 radiosu vəkildən sitat gətirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: