Daniel Karvaxal: “Real”dan ayrılsam, Avropada qalmayacağam”

“Real”ın ispan sağ cinah müdafiəçisi və kapitanı Dani Karvaxal karyerasını harada davam etdirməyə hazır olduğunu bildirib.

Arena.az “Esquire” dərgisinə istinadən, ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Mənim 32 yaşım var, artıq uşaq deyiləm. Mənə nə qalıb ki? Dörd və ya beş illik futbol? Çox deyil, vaxt tez keçir. Yaxın Şərqə səyahət? Bu, mənə sərsəmlik görünməzdi. Artıq demişəm ki, nə vaxtsa “Real”dan ayrılsam, Avropada oynamayacağam, Çempionlar Liqasında və ya İspaniyada “Real”a qarşı oynamayacağam. Qətər ehtimal edilən yer ola bilər”, deyə Karvaxal sözgəlişi bildirib.

Xatırladaq ki, Karvaxal İspaniya La Liqasının 9-cu turunun “Vlyarreal”la ev oyununda (2:0) ağır zədələnib və hazırda bərpası ilə məşğuldur.

Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib.

Karavaxalın zədələndikdən sonra “Real” futbolçusuna etimadını və dəstəyini nümayiş etdirərək, cari mövsümün sonuna qədər olan müqaviləsinin müddətini 2026-ci ilin iyun ayının sonuna qədər uzadıb.

Cari mövsümdə Karvaxal “Real” üçün 11 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Karvaxalın “Real” karyerası ümumilikdə 427 oyun, 14 qol və 65 məhsuldar ötürmədən ibarətdir.

Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Dani Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 51 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.