Daniel Olmo “Leypsiq”dən mümkün gedişi haqda danışdı

Futbol üzrə İspaniya yığma komandasının yarımmüdafiəçisi Daniel Olmo Almaniyanın “Leypsiq” klubundan ayrılmaq arzusundadır.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu Avropanın aparıcı klublarının onun xidmətində maraqlı olması ilə bağlı şayiələr mənzərəsində öz gələcəyindən danışıb.

İspan futbolçunun bu barədə fikirlərini təqdim edirik:

“Əgər klublar mənimlə müqavilə imzalamaq istəyirlərsə, nə edə biləcəklərini bilirlər. İyulun 20-nə qədər vaxt var, əks halda, sonradan danışıqlar çox çətin olacaq. “Leypsiq”lə müqaviləm var, amma mən qənimətlər qazanmaq istəyirəm”, deyə Olmo vurğulayıb.

Xatırladaq ki, Dani Olmo “Espanyol” və “Barselona” klublarının futbol akademiyalarından keçib. O, 2014-cü ildə “Barselona”dan ayrılaraq Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına keçib. Olmo 2020-ci ilin yanvarında məhz “Dinamo”dan 29 milyon avro qarşılığında “Leypsiq”ə gəlib. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi bu komandada keçirdiyi 148 oyunda 29 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Dinamo” karyerası isə 124 oyun, 34 qol və 28 assistdən ibarətdir.

Daniel Olmo 2019-cu ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasında 38 oyuna çıxıb. Yarımmüdafiəçi bu matçlarda 1 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.

İspan futbolçunun “Leypsiq”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 26 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: