Daniel Sebalyos “Betis”də!

Futbol üzrə İspaniya yığmasının keçmiş mərkəz yarımmüdafiəçisi Daniel Sebalyos bundan sonra “Betis”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

Bu yay Madrid “Real”ından azad agent kimi ayrılmış ispaniyalı futbolçu yeni klubu ilə 3 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalayıb.

Xatırladaq ki, “Betis” Sebalyos üçün tanış klubdur. Dani məhz bu klubun yetirməsidir. Yarımmüdafiəçi 2014-2017-ci illərdə sözügedən klubun əsas komandasında çıxış edib. O, “Real”a 2017-ci ildə məhz “Betis”dən keçmişdi.

Sebalyos “Real”ın heyətində bütün turnirlərdə ümumilikdə 215 oyuna çıxıb, 7 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Sebalyos Madrid klubunda çıxış etdiyi müddətdə 14 nüfuzlu titul qazanıb. O, üç dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub. Yarımmüdafiəçi həmçinin iki dəfə İspaniya La Liqasının və İspaniya Super Kubokunun qalibi adını qazanıb. Bundan əlavə, o, bir dəfə İspaniya Kubokunu və Qitələrarası Kuboku başı üzərinə qaldırıb.

Sebalyos 2018-ci ildə debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyuna çıxıb, 1 qol və 2 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: