Danqo Uattara 27.5 milyon avro qarşılığında “Bornmut”da!

Futbol üzrə Burkina Faso milli komandasının hücumçusu Danqo Uattara Fransanın “Loryan” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 20 yaşlı forvard İngiltərə Premyer Liqasında mübarizə aparan “Bornmut” klubuna transfer olunub.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Premyer Liqa təmsilçisi bu transferə görə Liqa 1 klubuna 27.5 milyon avro ödəyib. Gənc futbolçu ilə 2028-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Danqo Uattara peşəkar karyerasına ölkəsinin “Majestik” klubunda başlayıb. O, 2020-ci ilin iyul ayından “Loryan”da forma geyinirdi. Hücumçu Fransa klubunun əsas komandasında meydana çıxdığı 44 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Burkina Faso yığmasında 2021-ci ilin dekabrında debüt edən Uattara, milli komandada 11 oyuna çıxıb, 5 qol vurub.

“Bornmut” öz müdafiəçisi Ceyms Hill ilə yarımmüdafiəçi Emiliano Markondesi də icarəyə verib. Hill Şotlandiyanın “Hart”, Markondes isə Danimarkanın “Nordsyeland” klubuna icarəyə göndərilib. Onların hər ikisi bu mövsümün sonuna kimi icarədə çıxış edəcək.

Ceyms Hill peşəkar karyerasına “Flitvud Taun”da başlayıb. İngiltərədən olan 21 yaşlı mərkəz müdafiəçisi 2022-ci ilin yanvarından “Bornmut”da çıxış edir. Lakin o, bu komandada cəmi 4 oyuna çıxıb. Hill İngiltərənin gənclərdən ibarət yığmasına da dəvət alır.

Emiliano Markondes isə məhz “Nordsyeland” klubunun yetirməsidir. Danimarkadan olan 27 yaşlı hücumameyilli yarımmüdafiəçi 2018-ci ildə bu klubdan ayrılaraq İngiltərə “Brentford”una keçib. 2019-cu ildə icarə əsasında Danimarka “Midtyulland”ında oynamış futbolçu, 2021-ci ilin iyul ayında “Bornmut”a transfer olunub. O, İngiltərə təmsilçisində 24 oyuna çıxıb, 7 qol vurub və cəmi 1 məhsuldar ötürmə müəllifi olub. Markondes Danimarkanın müxtəlif yaş qrupları üzrə yığmalarında da oynayıb.

“Loryan”da daha iki ayrılıq

Danqo Uattaranı “Bornmut”a satan “Loryan” da iki futbolçusunu icarəyə verib. Sol cinah müdafiəçisi Samuel Lorik “Keviyi Ruan”, hücumçu Sambu Sumano isə “Rodez”ə icarəyə göndərilib. Onlar da 2023-cü ilin 30 iyununa kimi icarədə çıxış edəcəklər.

Peşəkar karyerasına “Po” komandasında başlamış Sambu Sumano, 2021-ci ilin avqustundan “Loryan”da forma geyinir. Seneqaldan olan 22 yaşlı futbolçu, bu klubun əsas komandasında 22 oyuna 3 qol vurub. O, “Şatobrian”, “Eupen” kimi klublarda da forma geyinib.

Samuel Lorik isə peşəkar karyerasına “Vann” klubunda başlayıb. 2019-cu ilin yayında “Loryan”a transfer olunan sol cinah müdafiəçi icarə əsasında “Vann”da oynamağa davam edib. 2020/21 mövsmünü də “Avranş”da icarədə keçirmiş 22 yaşlı fransız futbolçu, “Loryan”ın əsas komandasında cəmi 4 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: