Braziliya millisinin sabiq futbolçusu, Fransanın “Nitsa” klubunun mərkəz müdafiəçisi Dante Avropa Liqasının tarixinə düşüb.
Arena.az xəbər verir ki, braziliyalı müdafiəçi buna İtaliya təmsilçisi “Roma”ya qarşı keçirdikləri əsas mərhələnin 1-ci turunun oyununda iştirak etməklə nail olub.
O, turnirdə iştirak edən ən yaşlı oyunçu adına sahib çıxıb. Dante bunu 41 yaş, 11 ay, 6 günündə bacarıb.
Bundan əvvəlki rekordçu “Betis”in keçmiş futbolçusu Xoakin idi – 41 yaş 7 ay 23 gün.
Qeyd edək ki, “Nitsa” bu oyunda rəqibinə 1:2 hesabı ilə uduzub.
Xatırladaq ki, Dante 2016-cı ilin avqust ayından “Nitsa”da forma geyinir. Müdafiəçi 2025/2026-cı illər mövsümündə 3 oyuna çıxıb. O, bu klubun heyətində bütövlükdə 313 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı futbolçu daha əvvəl “Bayern”, “Borussiya” (Mönhenqladbax), “Standard” (Lyej), “Volfsburq”, “Şarlerua” və “Lill” kimi klubların da şərəfini qoruyub. O, Braziliya milli komandasının heyətində meydana çıxdığı 13 oyunda 2 qol vurub.
“Transfermarkt” internet-portalı 41 yaşlı braziliyalı müdafiəçinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.


