Futbol üzrə İrlandiya milli komandasının sabiq qapıçısı Darren Rendolf İngiltərə Premyer Liqasında klubunu dəyişib. Arena.az xəbər verir ki, 35 yaşlı qolkiper “Vest Hem”i “Bornmut”a dəyişib.
Bu barədə futbolçunun yeni klubu məlumat yayıb. O, “Bornmut”a azad agent kimi keçib və müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Darren Rendolf 2020-ci ilin yanvar ayında 4.7 milyon avro qarşılığında transfer olunduğu “Vest Hem”də 2015-2017-ci illər aralığında da forma geyinmişdi. O, bu komandanın heyətində bütövlükdə 52 matça çıxıb. Təcrübəli qolkiper həmin oyunlarda 75 qol buraxıb.
Rendolf daha öncə “Midlsbro”, “Birmingem Siti”, “Motervell”, “Hereford Yunayted”, “Beri”, “Gillingem”, “Akkrinqton Stenli”, “Uellinq Yunayted” və “Çarlton Atletik” kimi klublarda da forma geyinib. O, İrlandiya yığmasında da 50 oyun keçirib.
Rendolfla yollarını ayıran “Vest Hem” yarımmüdafiəçisi Konor Koventrini də “Roterem Yunayted” klubuna icarəyə göndərib. 22 yaşlı futbolçu bu mövsümün sonunadək aşağı liqa təmsilçisində forma geyinəcək.
Rendolfun həmyerlisi olan Konor Koventri “Vest Hem”in yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 10 matça çıxıb. Dayaq yarımmüdafiəçisi daha öncə “Linkoln Siti”, “Piterboro Yunayted” və “Milton Kins Dons” klublarında da icarədə olub. O, İrlandiyanın U-17, U-19 və U-21 yığmalarının formasını geyinib.


