Futbol üzrə Uruqvay millisinin 27 yaşlı mərkəz hücumçusu Darvin Nunyes Səudiyyə Ərəbistanında komandasını dəyişib.
Arena.az xəbər verir ki, o, “Əl-Hilal”dan ayrılaraq “Əl-Diriya” klubuna keçib.
Bu barədə onun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Nunyes “Əl-Diriya” ilə 1 illik icarə müqaviləsi bağlayıb.
Xatırladaq ki, uruqvaylı futbolçu bu ilin yanvar ayından “Əl-Hilal”da oyuna çıxmırdı. Kərim Benzemanın transferindən sonra legioner limiti səbəbindən Darvinin adı yerli çempionat üçün sifariş vərəqəsindən çıxarılmışdı. Bu üzdən də o, özünə yeni iş yeri axtarmaq məcburiyyətində qalmışdı.
“Əl-Hilal” Darvin Nunyesi 2025-ci ilin avqustunda “Liverpul”dan 53 milyon avro müqabilində transfer etmişdi. Həmin vaxt tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atmışdılar.
Darvin Nunyes “Penyarol”un məzunudur. Hücumçu karyerası ərzində həmçinin “Almeriya”, “Benfika” və “Liverpul”da oynayıb.
Nunyes 2019-cu ilin oktyabr ayında debüt etdiyi Uruqvay yığmasının heyətində 41 oyuna 15 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 27 yaşlı uruqvaylı mərkəz hücumçusunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


