Müqavilə ilə İngiltrənin “Çelsi” klubuna məxsus olan Kot-d’İvuar yığmasının hücumçusu David Datro Fofana London təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, bu mövsümün əvvəlindən Almaniyanın “Union Berlin” klubunda icarədə olan futbolçu yenicə “Çelsi”yə qayıtmışdı.
Lakin London təmsilçisi 21 yaşlı forvardını yenidən icarəyə göndərib. Fofana Premyer Liqanın digər təmsilçisi “Börnli”yə icarəyə verilib. O, bu mövsümün sonuna kimi çempionatın autsayderinin formasını geyinəcək. Bu barədə “Börnli”nin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Fofana 2023-cü ilin yayından formasını geyindiyi “Union Berlin”də bütövlükdə 17 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.
Fofana “Çelsi”yə 2023-cü ilin yanvarında “Molde”dən 12 milyon avro qarşılığında transfer edilmişdi. Gənc hücumçu London klubunun əsas komandasında 4 oyun keçirsə də, fərqlənə bilməyib. Onun İngiltərə nəhəngi ilə müqaviləsi bu 2029-cu ilin 30 iyununa kimidir.
Datro Fofana 2019-cu ilin sentyabrında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı Datro Fofananı 8 milyon avro məbləğində qiymətləndirir.


