Datro Fofana “Union Berlin”in məşqlərindən kənarlaşdırıldı

“Union Berlin”in ivuarlı mərkəz hücumçusu Datro Fofana cəza tədbiri olaraq komandasının məşqlərindən bir həftə müddətində kənarlaşdırılıb.

Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.

Cəzanın səbəbi Fofananın “Union Berlin”in Çempionlar Liqasının qrup mərhələsinin “Napoli” ilə oyununda (0:1) əvəzetmədən sonra komandanın baş məşqçisi Urs Fişerlə əl sıxmaqdan imtina etməsidir.

“Futbol komanda oyunudur. Və müəyyən qərarlardan sonra davranışınız həmişə vacibdir. Əvəzetmələr futbolun bir hissəsidir. Belə qərarları qəbul etmək gərəkdir”, deyə Urs Fişer bildirib.

Xatırladaq ki, oktyabrın 24-də “Napoli” ilə keçirilmiş oyunda Fofana 70-ci dəqiqədə əvəzlənib. Datro meydanı tərk etdikdən sonra baş məşqçisinin əlini sıxmaqdan imtina edib.

Fofana “Union Berlin”də cari ilin iyul ayından “Çelsi”dən icarə əsasında çıxış edir. İvuarlı futbolçunun alman klubu ilə icarə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə Fofana “Dəmir ittifaqı”ın heyətində 11 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Datro Fofana 2019-cu ilin sentyabrında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı Datro Fofananı 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: