Moldovanın “Şerif” klubunun mərkəz hücumçusu David Ankeye bundan sonra A Serriyası təmsilçisi “Cenoa”nın şərəfini qoruyacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Genuya klubu bu transfer üçün “Şerif”ə 2,5 milyon avro ödəyib. Nigeriyadan olan 21 yaşlı forvardla müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
David Ankeye 2023-cü ilin yayında “Şerif”ə gəlmişdi. O, Moldova klubunun heyətində 25 oyuna çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc forvard daha öncə “Hammam Sousse” və “Hammarbü” kimi klublarda da forma geyinib.
“Cenoa” Ankeye ilə yanaşı, gənc italyan müdafiəçi Corco Çittadinini də heyətinə qatıb. Müqavilə ilə “Atalanta”ya məxsus olan 21 yaşlı futbolçu bu mövsümün sonuna kimi Genuya klubunun uğurları üçün çalışacaq. “Atalanta” onu bu mövsümün əvvəlində “Montsa”ya icarəyə versə də, “Cenoa” sözügedən klubları razı salaraq, gənc oyunçunu heyətinə qatmağa nail olub.
Çittadini daha öncə “Modena”da da icarədə olub. O, “Atalanta”nın əsas komandasında cəmi 3 oyun keçirib. Əvəzində mərkəz müdafiəçisi İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib.
“Cenoa” öz hücumçusu George Puşkaşı da “Bari”yə icarəyə verib. B Seriyası təmsilçisi 27 yaşlı rumın forvardı bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Goerge Puşkaş 2022-ci ilin avqustundan “Cenoa”da çıxış edir. O, bu komandanın heyətində 37 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Puşkaş karyerası ərzində “Ridinq”, “Benevento”, “Palermo”, “Piza”, “Novara”, “Bihor Oradea”, “İnter” kimi klubların da formasını geyinib. O, daha öncə də “Bari”nin uğurları üçün çalışıb və bu komandada 19 oyuna 5 qol vurub.
Puşkaş Rumıniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynayıb, 2018-ci ildən isə əsas millidə forma geyinir. O, yığmanın heyətində 39 oyuna 11 qola imza atıb.


