David Okereke “Torino”da

“Kremoneze”nin nigeriyalı mərkəz hücumçusu David Okereke bundan sonra A Seriyasının digər təmsilçisi “Torino”nun formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Turin klubu məlumat yayıb.

Sözügedən klub Okerekeni bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

David Okereke 2022-ci ilin iyulundan “Kremoneze”də çıxış edirdi. 26 yaşlı forvard bu komandada 57 oyuna 11 qol vurub, 5 assist edib. O, “Brügge”, “Spetsiya”, “Venetsiya”, “Kozensa”, “Lavanyese” kimi klubların da formasını geyinib.

“Kremoneze”nin sol cinah müdafiəçisi Emanuele Valeri də azad agent kimi “Frozinone”yə keçib. 25 yaşlı italyan futbolçu yeni klubu ilə bu mövsümün sonuna kimi anlaşıb. “Kremoneze”də 107 oyuna 7 qol və 6 assist müəllifi olmuş futbolçu “Çezena”, “Rieti”, “Leççe” kimi klubların da uğurları üçün çalışıb.

“Torino” David Okerekedən başqa “Salernitana”nın mərkəz müdafiəçisi Matteo Lovato ilə “Srvena Zvezda”nın sağ cinah vingeri Uroş Kabiçi də heyətinə qatıb. Onların hər ikisi bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb.

“Cenoa”nın yetirməsi olan Lovato “Salernitana”da 32 oyun keçirib. 23 yaşlı italyan futbolçu “Verona”, “Padova”, “Kalyari” və “Atalanta”da da forma geyinib, İtaliyanın U-21 yığmasında 15 oyuna 1 qol vurub.

Uroş Kabiç isə “Voyvodina”nın yetirməsidir. 20 yaşlı serb vinger “Srvena Zvezda”da cəmi 6 matça çıxıb. Serbiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Kabiç, ötən ildən U-21-də forma geyinir.

“Torino” David Zimanı 4 milyon avroya satdı

“Torino” iki futbolçusu ilə də yollarını ayırıb. Çexiyalı mərkəz müdafiəçisi David Zima 4 milyon avro müqabilində Praqa “Slaviya”sına satılıb. 23 yaşlı futbolçu köhnə-yeni klubu ilə 2028-ci ilin 30 iyununa qədər anlaşıb. “Siqma”nın yetirməsi olan Zima 2020/2021 mövsümündə məhz “Slaviya”da forma geyinib. O, “Torino”ya 2021-ci ildə Praqa təmsilçisindən 5,9 milyon avro qarşılığında keçmişdi. David “Torino”da 37 oyuna çıxıb, 2 qol vurub. O, Çexiya millisində də 19 oyun keçirib.

“Torino”nun sol cinah vingeri Yann Karamo da Fransanın “Monpelye” klubuna keçib. Liqa 1 təmsilçisi 25 yaşlı vingeri bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Peşəkar karyerasına “Kan”da başlamış Karamo “İnter”, “Bordo”, “Parma”, “Fatih Karagümrük” kimi klublarda da forma geyinib. O, “Torino”da 34 oyuna 5 qol vurub. Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Karamoya əsas millidə ehtiyac duyulmayıb.

“Monpelye” Karamodan başqa Niderlandın “Utrext” klubunun mərkəz müdafiəçisi Modibo Sanyanı da transfer edib. Klub 24 yaşlı futbolçunun transferi üçün 3,2 milyon avrosundan keçib. Sanyan “Utrext”də 42 oyuna 2 qol vurub. Fransalı müdafiəçi “Tondela”, “Real Sosyedad”, “Lans”, “Mirandes” kimi klubların da formasını geyinib.

“Monpelye” mərkəz müdafiəçisi Maksim Estevi də İngiltərənin “Börnli” klubuna icarəyə verib. 21 yaşlı futbolçu mövsümün sonuna kimi icarədə olacaq. “Monpelye”nin yetirməsi olan Estev bu klubun əsas komandasında 62 oyuna 1 qol vurub, 1 assist edib. O, Fransanın U-20 və U-21 yığmalarında da forma geyinib.