Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail”in yarımmüdafiəçisi David Qomis əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Premyer Liqanın 17-ci turu çərçivəsində baş tutan “Sabah”la matçda zədələnən yarımmüdafiəçi Türkiyənin İstanbul şəhərində uğurlu əməliyyat keçirib. David Qomisin 5-6 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.
Xatırladaq ki, ötən mövsümün ikinci yarısından, bu ilin yanvarından “Səbail”də çıxış edən David Qomis bu komandanın heyətində ümumilikdə 35 qarşılaşmada meydana çıxıb. O, rəqib qapılarından 5 top keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Fransa vətəndaşlığı da olan Qvineya-Bisau yığmasının üzvü “Tulon”, “Frejyus Sen Rafael”, “Ayaçço” və “Po” kimi klubların da şərəfini qoruyub. O, Qvineya-Bisau yığmasında da 2 oyun keçirib. 30 yaşlı futbolçunun “Səbail”lə 2024/2025 mövsümünün sonuna qədər müqaviləsi var.


