Niderlandın “Maastrixt” klubunun və Kabo Verde millisinin hücumçusu Daylon Livramento bundan sonra “Verona”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
A Seriyası təmsilçisi bu transfer üçün Niderland klubuna 600 min avro ödəyib. 23 yaşlı forvardla 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Niderlandda dünyaya göz açmış Daylon Livramento “Maastrixt”dən öncə “Roda”da da çıxış edib. O, “Maastrixt”də 66 oyuna 21 qol vurub, 3 məhsuldar ötürmə verib. Hücumçu Kabo Verde millisində də 3 oyun keçirib, fərqlənə bilməyib.
“Verona” heyətinə daha 3 futbolçu cəlb edib. Sözügedən klub Portuqaliya “Benfika”sından Kasper Tengstedti, “Salernitana”dan Qriqoris Kastanosu, Fransa “Bastiya”sından isə İllan Okunu icarəyə götürüb. İtaliya klubu onların hər üçünü qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Mərkəz hücumçusu olan Tengstedt “Benfika”dan öncə “Midtyulland”, “Nürnberq”, “Horsens”, “Rusenborq” kimi klublarda da forma geyinib. 24 yaşlı forvard Danimarkanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Kastanos “Salernitana”ya 2021-ci ildə “Yuventus”dan keçib. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi “Peskara”, “Sulte Varegem”, “Frozinone” kimi klublarda da geyinib. 2015-ci ildən Kipr yığmasında çıxış edən Kastanos, 54 oyuna 6 qol vurub.
İllan Oku isə “Monako”nun yetirməsidir. 21 yaşlı mərkəz müdafiəçisi 2023-cü ildən “Bastiya”da çıxış edirdi.
“Verona” da bir neçə futbolçusunu icarəyə verib. Syerra Leonedən olan 23 yaşlı hücumçu Yaya Kallon ilə 21 yaşlı niderlandlı vinger Cayden Braf “Salernitana”ya icarəyə veriliblər. Polşalı yarımmüdafiəçi Mateuş Praşelik (23 yaş) də “Südtirol”a icarəyə göndərilib. Onların üçü də 2024/2025 mövsümünün sonuna kimi icarədə olacaq.
Yeri gəlmişkən, bu yay “Verona”dan azad agent kimi ayrılmış türkiyəli mərkəz müdafiəçisi Mert Çetin də ölkəsinə qayıdıb. O, bundan sonra “Ankaragücü” klubunun uğurları üçün çalışacaq.


