Bu il Qətərdə keçiriləcək dünya çempionatının (DÇ-2022) final mərhələsində iştirak edəcək daha bir milli komandanın adına aydınlıq gəlib. Arena.az xəbər verir ki, Kanada millisi də DÇ-2022-yə vəsiqəni təmin edib.
Sözügedən kollektiv buna Şimali və Mərkəzi Amerika, Karib hövzəsi (CONCACAF) komandaları arasında seçmə mərhələnin 13-cü turunda Yamaykaya qalib gəlməklə (4:0) nail olub. Kanada yığmasının heyətində Kayl Larin (13-cü dəqiqə), Teyjon Byukanan (44) və Junior Hoylett (82) fərqləniblər, Edrian Mariappa (88) isə avtoqola imza atıb.
Kanada millisi bu qələbədən sonra xallarının sayını 28-ə çatdırıb və mundiala vəsiqəni təmin edib.
Kanadalılar tarixlərində ikinci dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanırlar. Sözügedən komanda bundan əvvəl DÇ-1986-nın da iştirakçısı olub. Lakin həmin vaxt bu komanda SSRİ, Fransa, Macarıstan yığmalarının olduğu qrupda sonuncu yeri tutub.
Dünya çempionatı 21 noyabr-18 dekabrda keçiriləcək. Daha öncə Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Argentina, İran, Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı, Ekvador və Uruqvay da final mərhələsinə vəsiqə əldə edib. Qətər yığması isə təşkilatçı ölkə kimi birbaşa mundialda iştirak hüququ qazanıb.


