DÇ-2022: Meksika və ABŞ da mundiala vəsiqəni təmin etdi

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına (DÇ-2022) daha iki ölkə vəsiqə qazanıb. Arena.az xəbər verir ki, CONCACAF (Şimali Amerika) zonasında 14-cü turun oyunlarından sonra Meksika və ABŞ yığmaları da mundiala vəsiqəni təmin edib.

Meksika millis El Salvadoru qəbul edib. Mexiko şəhərindəki “Astek” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə Meksika millisinə dünya çempionatında iştirak imkanı verib. Salvador isə seçimin nəticələrinə görə qrup mərhələsində yeddinci yeri tutub.

Turun digər oyununda Panama millisi evdə Kanada millisini 1:0 hesabı ilə məğlub edib. Bundan əvvəl Kanada yığması artıq dünya çempionatına vəsiqəni təmin etmişdi. Kanadalılar təsnifat mərhələsinin qrup mərhələsində birinci, Panama isə beşinci yerdə qərarlaşıb.

ABŞ millisi seçmə mərhələnin son oyununda Kosta Rikaya 0:2 hesabı ilə uduzub. Bu nəticəyə görə, komandalar eyni xal toplayıb – 25. Lakin ABŞ millisi top fərqinə görə daha öndə qərarlaşıb. Paralel görüşdə Yamayka Hondurası qəbul edib. Qarşılaşmada meydan sahibləri qalib gəlib – 2:1.

Beləliklə, Şimali Amerikadan Kanadanın ardından Meksika və ABŞ yığmaları mundialda iştirak hüququ əldə edib. Hazırda DÇ-2022-nin 32 iştirakçısından artıq 29-u məlumdur. Bu günə kimi dünya çempionatında oynamaq hüququnu bu komandalar qazanıblar:

Avropa: İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə

Cənubi Amerika: Argentina, Braziliya, Ekvador, Uruqvay

Afrika: Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis

Asiya: İran, Qətər (təşkilatçı ölkə), Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya

Şimali Amerika: Kanada, ABŞ, Meksika

Daha 3 iştirakçı milli komandadan ən sonuncusu iyun ayında müəyyənləşəcək.

Dünya çempionatının püşkatması aprelin 1-də keçiriləcək. Mundial 21 noyabr-18 dekabrda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: