Cənubi Koreya Prezidenti Li Ce Myon ölkənin futbol millisinin DÇ-2026-dakı uğursuz çıxışının səbəblərinin hərtərəfli araşdırılmasını tələb edib.
Arena.az xəbər verir ki, dövlət başçısı bu barədə X sosial şəbəkəsindəki paylaşımında bildirib.
Cənubi Koreya millisi dünya çempionatının A qrupunda 3 xal toplayaraq üçüncü yeri tutub və pley-off mərhələsinə yüksələ bilməyib.
Li Ce Myon yığmanın nəticəsini gözlənilməz və qəbuledilməz adlandırıb:
“Peşəkar futbol klubunun keçmiş fəxri direktoru və milli komandanın azarkeşi kimi bu nəticə məndə sadəcə məyusluq deyil, tam çaşqınlıq yaradıb. Bir daha sübut olundu ki, hər şeyi kadrlar həll edir. Bacarıqlara deyil, şəxsi münasibətlərə üstünlük verildikdə və rəhbər vəzifələrə səriştəsiz şəxslər təyin olunduqda nəticə əvvəlcədən bəlli olur”, – deyə prezident vurğulayıb.
O, uğursuzluğun təşkilati idarəetmə və kadr siyasətindəki səhvlərlə bağlı olduğunu bildirib.
Prezident həmçinin idman qurumlarında rəhbərliyin formalaşdırılması sistemində islahatların vacibliyini qeyd edib. Onun sözlərinə görə, Koreya İdman Komitəsi və Koreya Futbol Assosiasiyası da daxil olmaqla idman təşkilatlarında mövcud dolayı seçki sistemindən bütün idman ictimaiyyətinin iştirak etdiyi birbaşa seçki sisteminə keçid təmin olunmalıdır.
Li Ce Myon hökumətin əsas vəzifələrindən birinin şəffaf, ədalətli və obyektiv idarəetmə sisteminin yaradılması olduğunu vurğulayıb:
“Çünki dünya çempionatında iştirak vətəndaşların vergiləri hesabına ayrılan böyük maliyyə və dövlət dəstəyi tələb edir, Mədəniyyət, İdman və Turizm Nazirliyindən baş verənlərin bütün təfərrüatlarını araşdırmağı, uğursuzluğun səbəblərini təhlil etməyi, gələcəkdə belə halların təkrarlanmaması üçün tədbirlər planı hazırlamağı və konkret islahat proqramı təqdim etməyi xahiş edirəm”, – deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Cənubi Koreya millisinin baş məşqçisi Hon Myon Bo DÇ-2026-da qrupda qaldıqları rəsmiləşən kimi vəzifəsindən istefa verdiyini açıqlamışdı.


