Futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçirilib.
Arena.az xəbər verir ki, martın 25-də I, J və L qrupları çərçivəsində ümumilikdə 6 görüş baş tutub.
Günün ən erkən oyunu Bakı vaxtı ilə saat 21:00-da Moldova və Estoniya futbolçuları arasında oynanılıb. Beş qolluq qarşılaşmanın yekununda qələbəni qonaqlar bayram ediblər. Bu qrupun digər oyununda İsrail Norveçi sınağa çəkib. Altı qolun qeydə alındığı bu matçda da qonaqlar qalib gəliblər.
J qrupu çərçivəsində Şimali Makedoniya Uelsi, Lixtenşteyn isə Qazaxıstanı qəbul edib. Uels yığması səfərdə xal itirdiyi halda Qazaxıstan millisi inamlı qələbəyə sevinib.
L qrupunda da Cəbəllüttariq – Çexiya və Monteneqro – Farer adaları oyunları baş tutub. Çexlərin darmadağına sevindiyi gündə Monteneqro yığmasına qələbə üçün bir qol bəs edib. Həmin yeganə qolu da Azərbaycan Premyer Liqasında top qovan Edvin Kuç vurub. “Neftçi”nin formasını geyinən yarımmüdafiəçi fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb və 90+6-cı dəqiqədə vurduğu qolla komandasına vacib 3 xal qazandırıb. Monteneqro yığmasında çıxış edən “Qarabağ”ın iki futbolçusu – Marko Yankoviç və Marko Veşoviç isə start heyətdə meydana çıxıblar. Millimizin sabiq baş məşqçisi Robert Prosineçki Yankoviçi 69-cu, Veşoviçi 70-ci dəqiqədə əvəzləyib. Maraqlıdır ki, Veşoviç meydanı tərk etdikdən xeyli sonra, 90+4-cü dəqiqədə sarı vərəqə də alıb.
DÇ-2026-nın seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur
25 mart
I qrupu
Moldova – Estoniya 2:3
Qollar: Nikolaesku, 67. Kaymakov, 90+1 – Peetson, 19. Sappinen, 30. Kait, 70.
İsrail – Norveç 2:4
Qollar: Abu Fani, 55. Turgeman, 90+3 – Volfe, 39. Sörlot, 59. Ayer, 65. Haland, 83.
Xallar: Norveç – 6. Estoniya – 3. İsrail – 3. İtaliya – 0. Moldova – 0.
J qrupu
Şimali Makedoniya – Uels 1:1
Qollar: Miovski, 90+1 – Bruks, 90+6.
Lixtenşteyn – Qazaxıstan 0:2
Qollar: Samorodov, 42. Maroçkin, 45.
Xallar: Şimali Makedoniya – 4. Uels – 4. Qazaxıstan – 3. Belçika – 0. Lixtenşteyn – 0.
L qrupu
Cəbəllüttariq – Çexiya 0:4
Qollar: Çerni, 21. Şik, 50. Şults, 72. Kliment, 90+5.
Monteneqro – Farer adaları 1:0
Qol: E.Kuç, 90+6.
Xallar: Çexiya – 6. Monteneqro – 6. Xorvatiya – 0. Farer adaları – 0. Cəbəllüttariq – 0.


