İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente Braim Diasın Mərakeş yığmasında oynamaq qərarı barədə açıqlama verib.
Arena.az italyan jurnalst-insayder Fabrisio Romanoya istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən Braimlə danışmamışam. Mən zəng vururam və ya zəng vurmuram, sonra da adamlar nə etməli olduqlarını edirlər.
Onu başqalarından çox seçən məşqçi yəqin ki, mən olmuşam. Ona ən yaxşısını arzulayıram. Hər kəs lazım olan qərarları verməkdə azaddır”, deyə De la Fuente vurğulayıb.
Xatırladaq ki, martın 11-də Braim Dias Mərakeş yığmasına qoşulduğunu açıqlayıb.
Braim Malaqada (İspaniya) anadan olub, amma Diasın valideynləri mərakeşəsillidirlər.
Braim Dias İspaniya yığmasının heyətində cəmi 1 yoldaşlıq oyunu keçirib. 2021-ci ilin iyun ayının 8-də Dias Litva yığması ilə yoldaşlıq oyununda meydana çıxıb və “qırmızı qəzəb”in 4:0 hesabı qalib gəldiyi oyundan qollardan birinin müəllifi olub.
Braim Dias “Malaqa”da futbola qədəm qoyub. Buradan “Mançester Siti” akademiyasına yol tapmış Braim 2019-cu ilin yanvarında “Real” tərəfindən alınıb. “Kral klubu” Diası bir müddət “Milan”da icarədə oynadıb və tərəqqi etmiş futbolçusunu ötən ilin yayında yenidən heyətinə qaytarıb.
Cari mövsümdə Dias “Real”ın heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə verib.
Braim Diasın qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı İngiltərə Premyer Liqası, İngiltərə Liqa Kuboku (2 dəfə), İngiltərə Super Kuboku, “Milan”la İtaliya A Seriyası çempionluğu, “Real”la İspaniya La Liqası çempionluğu, İspaniya Super Kuboku (2 dəfə) var.
“Transfermarkt” internet-portalı 24 yaşlı mərakeşəsilli ispaniyalı hücumameyilli yarımmüdafiəçi Braim Diasın transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


