De Laurentis Sarrinin “Latsio”dan gedişi haqda tənə ilə danışdı

“Napoli”nin prezidenti Aurelio De Laurentis Mauritsio Sarrinin “Latsio”nun baş məşqçi vəzifəsindən istefasına münasibətini bildirib.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, həqiqətən məni sarsıtdı. İlk təcrübənizdən sonra, peşəkar olduqdan sonra məsuliyyətin bir hissəsini öz üzərinizə götürməlisiniz. Məşqçi rolunu qəbul edirsinizsə, siz bu rolu kluba, oyunçulara və azarkeşlərə hörmətlə axıra çatdırmalısınız.

İstefa vermək çox asandır – uduzmuş adam belə edir. Bunun arxasında duran əsasları bilmirəm, amma Lotito (“Latsio”nun prezidenti – redaktorun qeydi) aqressiv görünmür. O, düzgün keyfiyyətlərə malikdir, mövsümün sonuna qədər sadəcə olaraq tərk edilə bilməyəcək komanda üçün isə həll yolu tapmaq gərək idi”, deyə De Laurentis bildirib.

Mauritsio Sarri martın 13-də “Latsio” ilə yollarını ayırdığı haqda açıqlama verib. Bu qərarın pərdəarxası məqamları olduğu vurğulanır.

Xatırladaq ki, Sarrinin istefaya göndəriləcəyi haqda şayiələr “Latsio”nun Çempionlar Liqası 1/8 final mərhələsində “Bayern”lə cavab oyununda məğlubiyyətindən sonra meydana çıxmışdı. Xatırladaq ki, “Latsio” ilk oyunda Romada 1:0 hesablı qələbə qazansa da, cavab oyununda 0:3 hesabı ilə büdrəyərək, mötəbər yarışda iştirakına xitam vermişdi.

Bundan sonra isə “Latsio” rəhbərliyi müvafiq şayiələr mənzərəsində italyan mütəxəssisə etimad etdiyini rəsmən açıqlamışdı. Amma göründüyü kimi, Sarri öz xoşu ilə “qartallar”la yolunu ayırıb.

Bir qədər əvvəl “Latsio” azarkeşlərinin Sarrinin istefa qərarında komandanın kapitanı, italyan mərkəz hücumçusu Çiro İmmobile başda olmaqla, veteranların təqsirkar olduğu iddiasında olduğu haqda məlumat yayılıb. “Qartallar”ın azarkeşləri hətta İmmobile və ailəsini pusquya salaraq təhdid və zorakılıq ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: