Marsel “Olimpik”inin baş məşqçisi Roberto De Zerbi Meyson Qrinvudun Fransa klubuna mümkün keçidi ilə bağlı xəbərlərə münasibətini açıqlayıb.
Arena.az xəbər verir ki, ötən mövsümü icarə əsasında “Xetafe”də çıxış etmiş, “Mançester Yunayted”in 22 yaşlı ingilis hücumçusunun karyerasını Fransa nəhənginin düşərgəsində davam etdirəcəyi barədə iddialar var.
İtalyan mütəxəssisin bu barədə fikirlərini təqdim edirik:
“Bizim rəsmi razılaşmamız yoxdur. O, dünya səviyyəli oyunçudur, daha deyə biləcəyim bir məqam yoxdur. Mən onun tərcümeyi-halını bilmirəm, bu, əhəmiyyət kəsb etmir.
Klubumuzla müqavilə bağlamış futbolçular mənim övladlarıma çevrilirlər. Nə olursa olsun, onları qoruyuram. Bəlkə də pərdəarxası onların qulaqlarını çəkəcəyəm, amma camaat arasında onları öz oğullarım kimi qoruyuram”, deyə De Zerbi vurğulayıb.
Son xəbərlərə görə, Marsel “Olimpik”i Meyson Qrinvudu satın almaq üçün “Mançester Yunayted”lə razılığa gəlib. Fransa klubu “Mançester Yunayted”ə 31,6 milyon avro məbləğ – 27,6 milyon avro məbləğində və əlavə üstəlik olaraq 4 milyon avro məbləğində ikimərhələli ödəniş edəcək. Müqavilədə futbolçunun gələcəkdə satılacağı təqdirdə “qırmızı şeytanlar” üçün böyük faiz məbləğinin nəzərdə tutulduğu vurğulanır.
Yeri gəlmişkən, Marsel şəhərinin meri Benua Payyan Qrinvudun Marsel “Olimpik”inə mümkün keçidi ilə bağlı tənqidi fikir səsləndirib:
“Qrinvudun davranışı iyrənc və qəbuledilməzdir. O, öz arvadını kötəkləyirdi… Mən fotoları görmüşəm və bu, məni çox sarsıtdı. Öz arvadı ilə belə davranmaq kişiyə yaraşmaz, onun isə bu komandada yeri yoxdur. Müvafiq davranış Marsel “Olimpik”inin dəyərlərinə uyğun gəlmir. Bu, utancvericidir. Klub prezidenti Pablo Lonqoriyadan Qrinvudu işə götürməməyi xahiş edəcəyəm. İstəmirəm ki, doğma komandam kiminsə öz arvadını döyməsi ilə rüsvay-cahan olsun”, deyə Payyan vurulayıb.
Xatırladaq ki, Qrinvud bir neçə il öncə rəfiqəsinə təcavüz və hücumda ittiham edilsə də, sonradan futbolçu bütün ittihamlardan azad edilib.


