Deku: “Qavinin uzun illər “Barselona”da oynamasını istəyirəm”

“Barselona”nın idman direktoru Deku “baluqrana”nın ispan mərkəz yarımmüdafiəçisi Qavi və futbolçunun klubla müqaviləsinə dair söhbət açıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən Dekunun bu barədə fikrini təqdim edir:

“Qavi “Barsa”nın nədən ibarət olduğunu bütünlüklə təcəssüm etdirir. O, xüsusi bir oyunçudur. Qavinin xasiyyəti və meydanda nümayiş etdirdiyi hər xüsus hər bir futbolçuda olmalıdır. Üstəlik, onun cəmi 20 yaşı var, amma 26 və ya 27 yaşında görünür. Qavinin önündə bütün dünya var… Onun üçün “Barsa”dan yaxşı klub yoxdur. Düşünürəm ki, “Barselona” da Qavi, Kubarsi, Lamin Yamal, Rafinya, Daniel Olmo kimi oyunçularla möhtəşəm olacaq…

“Hər şey Qavinin nə istədiyindən asılıdır”

Müqavilənin uzadılması ilə bağlı danışıqlarımız? Mən Qavinin daha uzun illər “Barsa”da qalmasını istəyirəm. Əlbəttə, danışıqlar iki hissədən ibarətdir, amma oyunçu bunu istərsə, bu, həmişə yerinə yetiriləcək. Hər şey Qavinin nə istədiyindən asılıdır. Düşünürəm ki, Qavi də Pedri kimi, “Barsa”da olmaq istəyir”, deyə Deku qətiyyətlə bildirib.

Xatırladaq ki, ki, Qavi 2023-cü ilin noyabr ayının 19-da 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan yığması ilə oyunda (3:1) zədələnmişdi. Dizin çarpaz bağ zədəsi ilə üzləşmiş Qavi Avropa çempionatından kənarda qalmış, bir ilə yaxın müddətdə ağır zədədən bərpa mərhələsi keçmişdi.

Qavi cari ilin oktyabr ayında, “Barselona”nın İspaniya La Liqasının “Sevilya” ilə 10-cu tur oyununda (5:1) 11 aylıq fasilədən sonra yaşıl meydana qayıdıb.

Qavi “Barselona”nın yetirməsidir və klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Gənc istedad Kataloniya təmsilçisinin əsas komandasında 2021-ci ilin 29 avqust tarixində İspaniya La Liqasının “Xetafe”yə qarşı oyununda debüt edib.
Cari mövsümdə Qavi “Barselona”nın heyətində 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.

Qavinin “blauqrana”nın heyətində çıxışının ümumi mənzərəsi 117 oyun, 7 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Yarımmüdafiəçi “Barselona” ilə İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazanıb. Gənc futbolçunun Kataloniya təmsilçisinin heyətində ümumi statistikası belədir: 112 oyun, 7 qol, 14 məhsuldar ötürmə.

Qavi 2021-ci ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasında 27 oyun keçirib, 5 qol vurub və 2023 UEFA Millətlər Liqasını qazanıb.

Həmçinin Qavinin qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qaznadığı İspaniya La Liqası çempionluğu və İspaniya Super Kuboku var.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: