Dele Allinin anası danışdı, Şahzadə Uilyam dəstək oldu

Uels şahzadəsi Uilyam İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Dele Allinin müsahibəsinə münasibət bildirib.

Arena.az bu barədə Şahzadə Uilyamın “Twitter” hesabına istinadən məlumat verir.

Xatırladaq ki, yaxınlarda Dele Alli “The Overlap” “YouTube” kanalı üçün verdiyi xüsusi müsahibəsində acılarla dolu uşaqlıq illərindən etirafları ilə diqqət çəkib.

Şahzadə Uilyam bu xüsusda özünün “Twitter” hesabında Dele Alliyə mənəvi dəstək nümayiş etdirib:

“Cəsur və ruhlandırıcı Dele. Psixi sağlamlığın müzakirəsi zəiflik əlaməti deyil. Gəlin, müvafiq mövzular haqqında danışmağa davam edək. Biz hamımız Sizinləyik, Dele. Sizə ən yaxşısını arzulayırıq”, – Şahzadə Uilyam yazıb.

Dele Alli keçən həftə “Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevilə duyğusal müsahibə verərək, bioloji anası ilə 18 yaşında danışmağı dayandırdığını açıqlayıb.

Müsahibəsində Alli uşaqlıqda yaşadığı acılar və aldığı mənəvi zərbələrdən danışaraq, altı yaşında anasının bir rəfiqi tərəfindən təcavüzə məruz qaldığını və daha sonra valideynləri tərəfindən “intizamı öyrənmək” üçün Afrikaya göndərildiyini iddia edib. Yaxınlarda Dele Alli bərpa mərkəzində asılılıqlardan müalicə kursu keçib.

Dele Allinin müsahibəsini dinləyən bioloji anası Deniz Alli göz yaşlarına boğularaq zar-zar ağladığını etiraf edib. Bu haqda “The Miror” nəşri yazıb:

“Oğlumun uşaq ikən məruz qaldığı zorakılıqları necə təsvir etdiyini eşitdiyim vaxtdan ağlamağımı dayandıra bilmirəm. Artıq oğlumla ünsiyyət qurmadığım üçün nə qədər kədərləndiyimi sözlə ifadə edə bilmirəm. Ümid edirəm ki, onu yenidən görmək şansım olacaq”.

Dele Alli geridə qalmış 2022/2023 mövsümünü icarə əsasında “Beşiktaş”da keçirib. O, “qara qartal”ın heyətində 15 oyuna çıxıb, 3 qol vurub. Amma zədə səbəbindən mövsümün bir hissəsini boşa verib. Hazıra “Everton”un futbolçusu olan Dele Allinin Liverpul təmsilçisi ilə müqaviləsi 2024-cü ilin 30 iyununa qədərdir.

“Transfermarkt” internet portalı Dele Allini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: