Denis Marandiç Portuqaliyada müalicə alır

“Turan Tovuz”un uzun müddətə sıradan çıxmış moldovalı mərkəz müdafiəçisi Denis Marandiç ilə bağlı yeni xəbər var.

Arena.az xəbər verir ki, Azərbaycan Kubokunun 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin “Turan Tovuz” – “Sabah” oyununda ayağı qırılan və uğurlu əməliyyat keçirən futbolçunun bərpa prosesi davam edir.

Bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, yaranmış fasilədən istifadə edərək klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov Portuqaliyada müalicə olunan futbolçunu ziyarət edib. Klub rəsmisinə futbolçunun müalicə və bərpa prosesi haqda ərtaflı məlumat verilib.

Qeyd edilir ki, “Turan Tovuz” futbolçusunun müalicə, reabilitasiya, bərpa və ən qısa müddətdə yaşıl meydanlara qayıtması üçün klub olaraq üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir.

Xatırladaq ki, Denis Marandiç 2024-cü ilin dekabr ayının 3-də keçirilmiş “Turan Tovuz” – “Sabah” matçının 20-ci dəqiqəsində rəqib futbolçunun qapıya zərbə endirməsinin qarşısını almaq istəyərkən ağır zədə alıb. Belə ki, “Sabah”ın hücumçusu Pavol Şafranko topu qapıya göndərmək istəyərkən Denisin ayağına zərbə endirib. Nəticədə moldovalı futbolçunun sol ayağı aşkar şəkildə qırılıb. Moldovalı müdafiəçi dekabrın 5-də əməliyyat olunub. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələ bilinmir.

Denis Marandiç 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqa klubunun heyətində indiyə qədər 66 oyuna çıxıb, 2 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Moldovalı futbolçu daha öncə “Çelye”, “Leyriya”, “Zrinski” kimi klubların da formasını geyinib.

Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. Müdafiəçi indiyə qədər yığmada 14 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: