Denni İnqz “Aston Villa”nı “Vest Hem”ə dəyişdi – 12 milyon avroya

Futbol üzrə İngiltərə milli komandasının sabiq hücumçusu Denni İnqz “Aston Villa” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 30 yaşlı forvard “Vest Hem” klubuna transfer olunub.

Bu barədə Premyer Liqa təmsilçiləri mətbuat xidmətləri vasitəsilə məlumat yayıblar. İnqz yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Vest Hem” bu transfer üçün “Aston Villa”ya 12 milyon avro ödəyib.

Denni İnqz peşəkar karyerasına “Bornmut”da başlayıb. O, “Dorçester Taun”, “Bernli”, “Liverpul” və “Sauthempton” kimi klubların da formasını geyinib. 2021-ci ilin avqustundan “Aston Villa”da çıxış edən təcrübəli hücumçu, bu komandada 52 oyuna çıxıb, 14 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. O, İngiltərə milli komandasında da 3 oyuna çıxıb və 1 qol vurub.

“Aston Villa” fransalı müdafiəçisi Frederik Gilber ilə də yollarını ayırıb. 28 yaşlı futbolçu Fransanın “Strasburq” klubuna keçib. O, yeni klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə bağlayıb.

Frederik Gilber 2019-cu ildən “Aston Villa”da çıxış edirdi. Sağ cinah müdafiəçisi bu komandada 32 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Kan”, “Şerbur” və “Bordo”da da oynayıb. “Strasburq” 2021/22 mövsümündə də onu icarə əsasında heyətinə qatmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: